Nağılar

Tubul pəhləvan haqqında rəvayətlər

Burulmuş ağaclar

(Birinci rəvayət)

 

Biri varıydı, biri yoxdu, kənddə Tubul adlı cantaraq bir adam vardı. Gəncliyindən əkin-biçinlə məşğul olmuş, yeri düşəndə də neçə-neçə qoluzorlunun kürəyini yerə vurmuşdu. Bir az dəliqanlı görünsə də, əslində sakit adam idi. Di gəl ki, acıqlandıranda pələngə dönər, qarşısına çıxanı şil-küt edərdi. Camaata xeyri də çox dəyirdi. Taxta çəkdirmək istəyənlər iri kötükləri döşəyib dəzgaha qaldırmaq üçün hamldan qabaq Tubulu axtarırdılar. Palçığa batmış arabanı təkbaşına çıxarardı. Tubulun bir adəti vardı. Evə əliboş qayıtmazdı. Ələ düşən şaxdan, budaqdan çiyninə alıb gətirərdi həyətə. Odun gətirməyə araba qoşduğunu da görən olmamışdı. Odunu şələ ilə gətirirdi. İki şələsi bir araba odun idi.

Günlərin birində Tubul əli oraqlı çəltik biçməyə gedirdi. Xan yolunu keçəndə gördü ki, baldır yoğunluğunda bir yalanqoz ağacını çəkib kökündən kimsə çıxarıb çubuq kimi burub yolun gözəgəlimli bir yerinə atıb. Bildi ki, bu adi Allah bəndəsinin işi deyil, hansısa bir pəhləvanın əməlidi. O vaxtlar kəndlərin qənşərindəki yollara pəhləvanların nişan qoymaları dəbdə idi. Vurulmuş bir ağacı, dəmiri, yaxud da başqa bir ağacı kökündən çıxarıb yola atıb gedirdilər. Yəni bu yoldan pəhləvan keçib, qorxmaz bir oğul varsa, çıxsın meydana.

Tubul ağacı görəndə hər şeyi başa düşdü. Sağa-sola baxdı. Gözünə kəl boyunduruğu boyda bir qara ağac sataşdı. Onun dibindən çəkib qopartdı. Ayağı ilə üstündən basıb bir neçə dəfə burdu, yalanqozun böyründə uzadıb oradan getdi öz işinə. Ertəsi günü səhər yolu Qəbələyə sarı bir karvan keçirdi. Sarvan burulub yan-yana qoyulmuş ağacları qoşa görən kimi karvanı saxladı.

  • Bu kənddə pəhləvan var, özü də lap zırpısı. Onu tapıb pəhləvanımızla güləşdirməliyik.

 Xeyli dayanıb keçənlərdən öyrəndilər ki, kənddə həqiqətən Tubul adlı bir oğuz oğlu var. Özü də zəmidə çəltik biçir. Karvanı sürdülər çəltik sahəsinə. Tubulu çağırdılar iri bir ağacın kölgəsinə. Sarvan dedi:

  • Karvanı mərdümazardan qorumaq üçün özümlə bir pəhlivan gəzdirirəm. Yalanqozu o eşib yola atmışdı. Qara ağacı da sən atmısan. Qaydaya görə hər ikiniz güləşməlisiniz. Pəhləvanımı yıxsan, satılmamış qalan beş yük soğanı sənə verib gedəcəyik, o, səni yıxsa, səndən beş yük çəltik alacağıq.

Tubul ha dedi lazım deyil, Sarvan razı olmadı:

  • Bizə həmşəhərli deyərlər, güləşməsən, uduzarsan. Beş yük çəltiyimizi ver, gedək.

Tubulun güləşməkdən savayı çarəsi qalmadı. Karvan əhli də, Tubulun biçinçi yoldaşları da yığıldılar. Güləşənləri aldılar dövrəyə. Onlar da üst paltarlarını soyunub başladılar süpürüşməyə. Elə ilk əlbəyaxada Tubul hiss etdi ki, qonaq ondan bəs qədər gücsüzdür. Amma onu yıxmaq istəmədi. Çünki qonaq idi. Qonaq isə getdikcə qızır, onun qolunu burur, üz-gözünü cırmaqlayır, əlini dişləyirdi. Tubul bir dəli nərə çəkib qonağı qaldırıb başı üstünə ikinci nərəni çəkib var gücü ilə onu atdı kənardakı böyürtkən kolluğuna. Yazıq çox çətinliklə kolluqdan çıxıb dili dolaşa-dolaşa yoldaşlarına dedi:

  • Soğan çuvallarını açın, düşürün yerə. Zalım oğlu əsl Zal oğlu Rüstəm imiş.

Tubul soğandan bir xurcun götürüb dedi:

  • Qalan soğanları yükləyin dəvələrə, qonaqsınız, sizə halal eyləyirəm. Qonağı soymaq bizlərdə günahdır.

Sarvan və yoldaşları Tubulun təkcə gücdə yox, ağılda da qüdrətli olduğunu görüb ona sağ ol dedilər və xan yolu ilə üzü günbatana səfə düzüldülər. Tubul o gündən sonra daha da məşhurlaşdı.